Xocalılar hər zaman dövlət maraqlarını müdafiə edirlər, ictimai hadisələrə yaxından münasibət bildirirlər. Buna misal sadalamaq üçün saysız - hesabsız nümunələr gətirmək olar. Xocalı rayon sakinlərinin torpaq uğrunda yüzlərlə şəhid verməsi, neçə-neçə qəhrəman oğul və qızları bu nümunələr arasındadır.
Qanlı 20 Yanvar faciəsinə xocalılar da münasibət bildirərək çətin vaxtlarda öz xalqına bağlılığını, dövlətçilik iradəsini sübuta yetirmişlər. 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün Xocalıda ucaldılmış abidə ilk abidələrdən biri idi. Komendant saatının davam etdiyi bir vaxtda xocalıların belə cəsarət göstərməsi düşmənlərə qorxmazlıq, vətənpərvərlik dərsi idi.
Xocalı rayon sakini “Azərbaycan Bayrağı” ordenli, “Azərbaycan Respublikasının Əməkdar həkim” fəxri adına layiq görülmüş, sabiq Xocalı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məmməd Nağıyev Ağalar oğlu 20 Yanvar faciəsindən sonra qarşısına çıxan maneələrə baxmayaraq, komendant vaxtı körpə uşağın müalicəsini etmiş, öz həkimlik peşəsini şərəflə, vicdanla yerinə yetirmişdir.
Məmməd Nağıyevin dediklərindən:
- Volski hakimiyyəti dövründə mənim də başıma çox müsibətlər gəlib. Rusların tətbiq etdiyi “Komendant saatı” rejimi bizim xəstələrə baxmağımıza çox maneə olurdu. Belə ki, 1990 - cı il 20 yanvarda rus vəhşilərinin Bakıda törətdikləri o qanlı faciədən az sonra, fevral ayının 13-də gecə saat 24 radələrində fin evlərində yaşayan Hüsü kişinin 2 yaşlı ağır xəstə olan oğlu Əlzaminin müalicəsi üçün çağırılmışdım. (Əlzamin Əzimov hal-hazırda Xocalı rayon kənd tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyir). Mən balaca Əlzaminin müalicəsini apardırqdan sonra evə qayıdarkən yolda rus komendantı mənim maşınımı saxlatdı və yoxlamağa başladı, bildikdən sonra həkiməm, xəstəyə baxmaqdan gəlirəm, əsəblə mənə dedi ki, gedək görüm sən komendant saatı dövründə xəstəyə baxmısan, ya yox və ümumiyyətlə komendant saatı dövründə xəstəyə niyə baxırsan. Biz geri qayıtdıq, rus komendantı xəstəyə baxdığım evdə stolun üstündəki ampulaları və xəstə uşağı gördükdən sonra mənə evə getməyimə razı oldu, ancaq sonra dedi ki, bir də komendant saatı vaxtında xəstələrə baxma. Bu an mənim gözlərim qarşısına Bakı faciəsi, yüzlərlə oğul - qızlarımızın bu vəhşilər tərəfindən qətlə yetirilməsi gəldi və ona belə dedim: - Yox, cənab komendant, sabah da, o birisi gün də, sizin komendant saatının vaxtında məni xəstəyə baxmağa çağırsalar, mən yenə də gedəcəm, xəstəyə də baxacam, ona görə ki, mənim canım siz rus və erməni hərbiçilərinin Bakıda öldürdüyü yüzlərlə oğul - qızlarımızından, o cümlədən o həkimlərdən artıq deyil. Əlbəttə, bu söz mənə baha başa gəldi və Əsgəranda 3 gün müddətinə kamerada saxlanmağıma və cəzalar almağıma səbəb oldu. Ancaq mən əqidəmdən dönən deyildim.
Xocalı soyqırımının bütün dəhşətlərinin canlı şahidi olan, öz doğma torpaqlarına, xalqına bu qədər bağlı olan, doğma torpaqlarımız uğrunda canından belə keçməyə hazır olan, xalqımızın o ağır günlərində: istər Xocalı faciəsinə qədərki dövrdə, istər soyqırım günlərində, hətta əsirlik günlərində, istərsə də Milli ordudakı xidməti dövründə tibbi xidmətin təşkil edilməsində və göstərilməsində xüsusi xidmətləri olmuş, yüzdən artıq yaralıya yerindəcə tibbi yardım göstərib, onları yenidən həyata qaytarmış Məmməd həkim bu gün də xocalıların dəyərli ağsaqqalı kimi daim el içində ictimai işlərdə iştirak edir, ümumrayon tədbirlərində onun fikirləri, tövsiyələri eşidilir.
Məmməd həkimin keçdiyi şərəfli həyat yolu, halal ruzisi ilə ailəsini dolandırması, torpağına, elinə bağlı Xocalı oğullarından biri olması onun ürəyini daim qürurlandırır, nurlu çöhrəsini, qəlbinin mənəvi paklığını daha da artırır.
Qalib BƏYMƏMMƏDOĞLU